Azərbaycandan 100 milyon dollar aparan məhsul

Azərbaycandan geyim məhsullarının alınması üçün xaricə 100 milyon dollar xarici valyuta axır. FED.az xəbər verir ki, ölkədə pambıqçılığın inkişafı son məhsula, yəni geyimlərin istehsalına başlamasa, getdikcə effektivliyini itirə bilər.
Qeyd edək ki, hazırda pambığın dünya bazarındakı qiyməti 1 kiloqram üçün 1,60-1,70 dollar arasında dəyişir.   
Azərbaycan pambığı keyfiyyət parametrlərinə görə, İtalyan parçalarının toxunması üçün yararlı olmasa da, digər məhsulların istehsalında  və bu sahədə xaricdən asılılığın qarşısını ala bilər.
 
“Bizim pambığımızın lifi qısadır. Ondan corab, müxtəlif geyimlər üçün parçalar, adi bint, marla, döşəkağı, döşək üzü, steril pambıq istehsal edə bilərik. Bunlara böyük tələbat var və biz həmin məhsulları ölkəyə  idxal edirik. Biz bu sahədə müəssisələr qurmuş olsaydıq, pambığın ölkə iqtisadiyyatı üçün effektivliyi ikiqat olardı. Amma biz burada pambığı becərib onu mahud şəklində xaricə ixrac edirik, oradan isə hazır məhsulları alırıq”, deyən iqtisadçı Elman Sadıqovun sözlərinə görə, son məhsul yenə bizim ölkəmizdə istehsal edilmir, halbuki əlavə dəyər qatmaqla yeni iş yerləri aça və valyutanın xaricə axınına mane ola bilərik.

Qeyd edək ki, Azərbaycanın  xammal material səviyyəsində qalmayaraq ikinci mərhələyə keçə bilməsi üçün lazım olan bütün potensial mövcuddur.
Gəncədə Mahud Fabriki, Yevlax, Gəncə, Ucar, Salyan, Bərdədə pambıqtəmizləmə zavodları, Şəki və Xankəndində ipək kombinatları, Bakıda corab-trikotaj kombinatı, Mingəçevir toxuculuq kombinatı, Sumqayıt xovlu iplik, üst trikotaj və tikiş fabrikləri, Gəncədə xalça kombinatı və tikiş fabriki, Ordubadda baramaaçan fabrik, Naxçıvanda alt trikotaj, tikiş və xalça fabrikləri...Bu siyahını xeyli uzatmaq da olar, amma sadaladıqlarımız da Azərbaycanın yüngül sənaye potensialının keçmiş nüfuzuyla bağlı təəssürat oyatmaq üçün kifayətdir.

Ziyad Səmədzadə- MM-nin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri: "Gəncə-Qazax zonasında vaxtilə tikiş sexləri olub, Bakıdakı fabriklərin filialları olub burda. Onları inkişaf etdirmək lazımdır. Yəni əhalinin istehlak tələbatını ödəmək üçün yüngül sənaye böyük rol oynayır. Amma bu gün bizim yüngül sənaye məhsullarının istehsal səviyyəsi son dərəcə aşağıdır, kifayət deyil. Adam başına yüngül sənayedə 13-15 manatlıq məhsul istehsal olunur. İmkanlarımız var ki, bu rəqəmi 400-500 manata qaldıra bilək".