Biznes həyatının dönüş nöqtəsini axtaranlar üçün

“Əlinizdən çıxan hər bir işin mükəmməl olmasına can atmağı həyat qaydanıza çevirin. Onu öz xarakterinizlə möhürləyin. Mükəmməllik imzanız olsun.”

Orison Svett Marden

Optimistlər, son nəticədə uğur qazanacaqlarına əmin olan insanlar ambisiyalı olurlar. Nə qədər çox optimist olsalar bir о qədər çox ambisiyalı və qətiyyətli olurlar. Buna görə də ambisiya optimistliyin ilk göstəricisidir və satış da daxil olmaqla istənilən sahədə böyük nailiyyət əldə etmək üçün həlledici xüsusiyyətdir. Ambisiya, məqsəd qoymaq, cəsarət və inadkarlıq üçün о qədər vacibdir ki, tək bu xüsusiyyət qarşınıza çıxacaq bütün çətinlikləri dəf etməyinizi təmin edə bilər. Ambisiyalı insanların satışda bir görkəmli xüsusiyyətləri var. Onların arzuları böyük olur. İstəkləri çoxdur. Onlar özlərini, məşğul olduqları sahədə ən yaxşı olmağa qadir bir adam kimi görürlər.

Onlar bilirlər ki, bütün satışın 80%-ni yuxarıdakı 20% satıcı həyata keçirir və həmin 20-likdə olmaq istəyirlər. Ambisiyalı satıcılar imkanlarına optimistliklə baxırlar. Əllərindəki məhsuldan kifayət qədər sataraq məqsədlərinə nail olacaqlarına əmindirlər. Və bunu etməyə tam qərarlıdırlar. Qarşılarına yalnız bir sual qoyurlar: Necə?

Çox güman ki, satış sahəsində ata biləcəyiniz ən əhəmiyyətli addım özünüzü sahənizin ən yaxşısı olmağa həsr etməkdir. Günü bu gündən, satış dövriyyəsi və gəlir baxımından sahənizin ən gəlirli 20%-nə və bunun ardınca 10%-ə qatılmağa qərar verin.

Həyatda uğur qazan biznesmenlərdən biri iyirmi səkkiz yaşı olarkən həyatını dəyişən amil haqqında bunları söyləyir. İllərlə çəkilən ağır zəhmət və mübarizədən sonra qəfil anladım ki: Yuxarı 10%-də olan hər kəs ən aşağıda olan 10%-dən başlamışdır. Bu gün uğur qazanmış insanlar nə vaxtsa uğursuzlar sırasında olmuşdurlar. Öz sahənizdə gördüyünüz bugünkü peşəkarlar nə vaxtsa ümumiyyətlə bu sahədə deyildirlər. Bu gün ön cərgədə olanlar bir zamanlar on son cərgələrdə idilər.

İndi isə sual: Hər şeyin ən yaxşısı cəmləşmiş ön cərgəyə necə keçə bilərsiniz? Cavab sadədir və iki həlledici addımdan ibarətdir: Birincisi, cərgəyə qoşul! İkincisi, cərgədə yerini saxla! Olduqca heyrətamiz bir faktdır ki, nə qədər insan ön cərgəyə keçib hər şeyin yaxşısına yiyələnmiş insanlara qibtə edir, onların yerində olmaq istəyir lakin, bunun üçün ayağa qalxıb cərgəyə qoşulmurlar. Onlar həyatın "isveç masası" olduğunu anlamırlar.

Cərgəyə qoşulmaq, öz sahənizin ən yaxşısı olmaq qərarmı vermək və sonra bunun üçün lazım olan bilik və bacarıqlara yiyələnmək üçün fəaliyyətə başlamaqdır. Cərgəyə qoşulduqdan sonra ön cərgəyə keçmək və burada yerini saxlamaq üçün irəli addımlamaq lazımdır. Hər gün yeni bir şey öyrənin rəqiblərinizi qabaqlayın. Məşğul olduğunuz sahədə daim bilik və bacarığınızı inkişaf etdirin yeni nə isə öyrənin. Daim irəli hərəkət edin.

Yaxşı xəbər isə ondan ibarətdir ki, ön cərgədəki bufet heç zaman bağlanmır! Günün iyirmi dörd saatı açıq olur. Əgər siz cərgəyə qoşulsanız və daim irəliləsəniz sizi heç nə və heç kim dayandıra bilməz. Sonunda mütləq ön cərgəyə çatacaqsınız. Özünüzü bütünlüklə mükəmməlliyə həsr etsəniz və heç zaman geri çəkilməsəniz sonunda öz sahənizin ən bilikli, bacarıqlı və yüksək gəlirli mütəxəssisi olacaqsınız.

Budur, həyatınızın dönüş nöqtəsi: Qərar verin! Uğur və uğursuzluğun arasındakı sərhəd, ən yaxşı olmaq qərarı vermək və sonra bu qərarı inadkarlıq və qətiyyətlə möhkəmləndirə bilmək bacarığıdır.