Biznes qurmağın yaşı yoxdur, müasir dövrə ayaq durmaq var

Öz işinizi, biznesinizi qurmaq haqqında yazılan bloqlar, təşkil olunan  tədbirlər, çap olunan kitablar gözümüzün önündə universiteti kənara atıb həyata atılan gəncləri canlandırır. Çünki çox da uzaq olmayan keçmişdə gənc ikən atılan addımlar düşüncəsiz sayılır, dünya daha təcrübəli insanların idarəsi altında irəliləyirdi. Xüsusilə 1900-cü illərdən sonra yetişən nəsil bu düşüncəni dəyişdirməyə başladı. 1990 və 2000-ci illərdə isə gənc nəsil dünyanı dəyişdirən bacarıqlı insanlarla dolu idi.

Əlbəttə bu dəyişiklik bəzi yuxarı yaşlı insanlar üçün fərqli bir təcrübədir. Çünki hamımız bilirik ki, yaşımız artdıqca bizdən sonrakı nəsillərin həyat tərzi, düşüncəsi bizə fərqli gəlməyə başlayır və bəzən onlara əks reaksiya da göstəririk. Ancaq bir şeyi unutmamalıyıq ki, 40, 50, 60 yaşındakı insanlar da özlərindən əvvəlki nəsil üçün üsyankar, tənbəl və hətta ədəbsiz olaraq görülürdü. Amma zamanla yeni nəslin ortaya çıxartdığı yeni düşüncələr genişləndi, yayıldı və artıq bu gün normal sayılmağa başlandı. İndi də yaşananlar fərqli deyil. Digər bir sözlə dəyişən daimi olaraq dəyişən bu trendlərin önünü kəsməkdənsə onlara ayaq uydurmaq, hər zaman biznes fəlsəfəsinin birinci addımı ola bilər.

Bizneslə məşğul olmağın yaşı yoxdur deyərkən, bu işlə məşğul olmaq üçün yaşınızın heç bir zaman nə həddindən artıq çox, nə də az olduğunu demək istəyirik. Yaşı, maliyyə vəziyyəti nə olur olsun öz biznesini qurmaq istəyənlərə dəstək verməyimiz vacibdir. İnsanlığın həyat keyfiyyətini artıran fikirləri, dövlətlər, böyük şirkətlər ortaya çıxartmır. Bir çox fikir insanların evlərində fərqli düşünmək qabiliyyətlərini nümayiş etdirərkən yaranır. Buna görə də “oxumağa niyyətin yoxdur, gedib bizneslə məşğul olacaqsan” kimi düşüncələri artıq unutmaq, bir kənara qoymaq lazımdır.

Əgər yaxşı bir fikriniz varsa, bu sizin üçün də çox gec olmadığını göstərir. Sadəcə özünüzü daim yeniləmək, dövrün tələblərinə ayaq uydurmağınız lazımdır. Müasir dövrə ayaq uydurmağın bir neçə addımı aşağıdakı kimidir:

  • Sosial şəbəkələri izləyin. Sosial şəbəkə istifadəsi üçün bir yaş məhdudiyyəti yoxdur. Bir çox evdar xanım Facebooku gənclərdən daha çox istifadə edir. Amma bu tərzdə istifadədən bəhs etmirik təbii ki. Özünüzü inkişaf etdirəcək formada istifadə etməlisiniz. Sizə ilham verən insanları izləməli, yeni fikirlər üçün trendlərə baxmalı və proaktiv olmalısınız. Yeni işbirliyi, fikir alış-verişi üçüm insanlarla ünsiyyət qurmağa özünüzü öyrəşdirin.
  • İnterneti məlumat mənbəyi olaraq istifadə edin. İnternetdə böyüyən bir nəsil üçün maraqlandığı bir şeyi googleda, youtubeda axtarmaq adi bir davranışdır. Amma internetə çox da bələd olmayan insanlar üçün bilgi əldə etmək çox zəhmətli bir işdir. Çünki google belə düzgün axtarmağı bilməsəniz sizə kömək etməyə bilər. Yəni internetdə istədiyiniz bilgini necə əldə etmək məsələsində özünüzü inkişaf etdirin. Google, forumlar, arxiv saytlarını oxuyaraq dərin araşdırmalar edin.
  • Virtual ünsiyyətdə özünüzü inkişaf etdirin. Təbii ki, üz-üzə görüşdən yaxşısı yoxdur. Bu həmişə belə olub, gələcəkdə də belə olacaq. Amma bu sürətli dəyişən dünyada  elektronik poçt, whatsap, telefon, görüntülü görüş kimi ünsiyyət vasitələrini səmərəli şəkildə istifadə etməlisiniz. Tanımadığınız insanlarla ünsiyyətə başlamağı bilməli, hətta bəzən kimisə inandıra bilməlisiniz.
  • Yeniliklər məsələsində sürətli olun. Bilmədiyiniz əsas məsələləri öyrəndikdən sonra yeni texnologiyaları, trendləri daim izləyərək geri qalmamağa çalışmalısınız.

Məsələn, bizim saytı daimi olaraq izləyin :)