“Procter & Gamble” şirkətindən idarə etmə sirləri

P&G şirkətində idarə postları yalnız hazırda işləyən əməkdaşlara – “daha aşağı” vəzifədə effektiv çalışmış və özünü yaxşı tanıtmış şəxslərə verilir. Şirkət  mütəmadi olaraq kadr rezervi hazırlayır. Növbəti rəhbərlər “nəslinin” bugünkü vəzifəyə yeni götürülmüş şəxslərdən ibarət olacağını anlayan rəhbərlik təsadüfi insanların sabit heyətə düşməməsinə nəzarət edir. Şirkət, istedadlı və bacarıqlı məzunları özü seçir. Direktorlar eyni zamanda həm ali təhsil ocaqlarının tələbələri qarşısında çıxış edir, həm də fürsətdən istifadə edərək, uyğun namizədlərin axtarışı ilə də məşğul olurlar.

Şirkətin daxili quruluşu ilə bağlı daha 6 sirr:

1-ci sirr: Uzunmüddətli perspektivdə faydalı və sərfəli olan işləri görmək

Əgər bir məsələdə şəxsi maraqlar da varsa, o zaman obyektivlik sərgiləmək çətindir. Lakin P&G şirkəti də öz əməkdaşlarından məhz bunu gözləyir. Geri Staybel “Duncan Hines” ticarət markasının meneceri vəzifəsini tutduqdan sonra, bazarı tədqiq etməyə başladı. Nəticədə o anladı ki, markanın gələcək inkişafı faydasız, əlverişsiz və gəlirsizdir. Az həcmdə məhsul istehsalının fonunda, sınaq və reklam xərcləri çoxdur. Staybel bütün bunlar barədə rəhbərliyi də xəbərdar etdi. Şöbə meneceri Staybellə razılaşdı və onun, markanın istehsaldan kənarlaşdırılması haqda məsləhətini də dəstəklədi. Nəticədə Staybel rütbəcə yüksəldi və 5 ticarət markasına rəhbərlik etməyə başladı.

2-ci sirr: Xətaları uğura çevirmək

P&G öz əməkdaşlarını istənilən uğursuzluğu kommersiya qazancına çevirməyi öyrədir. Bir sıra məşhur məhsullar da məhz fors-majorun nəticəsi olaraq meydana çıxıb. 1970-ci illərdə şirkət “Ivory” adlı ağ sabun istehsalına start verdi. İşçi, qarışığın iyi və xarici görünüşündən sabunun qəliblərə tökülməyə hazır olduğunu müəyyən edənədək, dəzgah inqridientləri qarışdırmağa davam edirdi. Günlərin birində işçi nahara gedərkən, dəzgahı söndürməyi unudur. O, geri döndükdə isə, uzun çəkən “yoğurma” prosesi nəticəsində sabunun köpüyə çevrildiyini görür. Növbə rəisi hadisə ilə bağlı xəbərdar edilir, lakin qorxulu bir şeyin olmadığını deyir. Məlum partiya “xətaya” baxmayaraq, satılır, bir neçə aydan sonra isə alıcılar şirkətə “hücum çəkirlər”. Onlar “suda batmayan” həmin sabundan almaq istəyirdilər. Bundan sonra sabunun hazırlanma texnologiyasına dəyişiklik edildi, “batmayan sabun” isə satış rekordları qırmağa başladı.

3-cü sirr: İfratçılığa yol vermək

P&G 2 qiymətləndirmə üsulundan – “mükəmməl” və “başdansovma”, nadir hallarda isə bu ikisinin arasında olan “qiymətdən” istifadə edir. Menecer yardımçısı Pol Kedin yeni məhsulla bağlı prezentasiya hazırlayırdı. O, prezentasiyada iştirak edəcək şəxslərin sinə nişanından tutmuş, prezentasiya materialları kimi bütün detalların üzərində işləyirdi. İlk baxışdan hər şey qaydasında idi. Lakin Polun müdiri, onun stenddəki rəflərdəki məhsulların adlarının yazıldığı “lövhəcikləri” yerinə bərkitməyi unutduğu görür. Nəticədə də Pol “başdansovma” qiymətini, bu azmış kimi, möhkəm “qulaqburması” da alır. İstənilən bir iş “mükəmməl” qiymətini ancaq əməkdaş qarşısına qoyulmuş məsələni 100 faizlik nəticə ilə yerinə yetirəndə alır.

4-cü sirr: Ünsiyyət yaymaq

P&G əməkdaşları araşdırma keçirərək, həmkarların bir-biriləri ilə geniş məkanlarda ünsiyyət saxlamaqdan xoşlandığını müəyyən ediblər. Buna görə də P&G-dakı laborotoriya və ofislər geniş olur, əməkdaşlar bir mərtəbən digər mərtəbəyə eskalatorlar vasitəsi ilə keçirlər. Bütün bunlar, insaları qarşılıqlı münasibət qurmağa həvəsləndirmək üçün edilib. Elə bu səbəbdən də şirkət xidməti qeydlərə hörmətlə yanaşır. Həmin qeydlər son dərəcə dəqiqliklə hazırlanır. Bəzən mükəmməlliyə çatmaq üçün, bir qeyd 10-15 dəfə təzədən yazılır. Bu yeni işçilərin hiddət və qəzəbinə səbəb olur. Həmin qeydlərə araşdırmalar, təhlil və ümumi informasiyalar barədə məlumatlar da əlavə edilir. Yekun variantı isə müxtəsərlik və dəqiqlik etalonu olur. Əməkdaşlara xidməti qeydləri hazırlamağı öyrətmək üçün, menecerlər “Anaya məktub” oyunundan istifadə edirlər.

5-ci sirr: Daim əməkdaşlara təlimlər keçmək

P&G əməkdaşları hər gün iş vaxtlarının 10 faizini təlimlərə sərf edirlər. Şirkət hər il keçilməsi zəruri olan yeni kurs və seminarlar kataloqu buraxır. 1992-ci ildən isə korporativ kollec fəaliyyət göstərir. Orada eyni zamanda 400 min əməkdaş təhsil alır. Dərs keçənlər isə şirkətin direktorları və top-menecmentidir.

6-cı sirr: Gəliri personalla bölüşmək.

Şirkətin səhmlərinin 25 faizi hazırda orada işləyən və pensiyaya çıxşmış əməkdaşlara aiddir. Hər bir işçi hər 10 ildə bir dəfə cari kursla şirkətin 100 aksiyasını ala bilər. Bu, əməkdaşlar üçün biznesin rifahı üçün bir stimuldur. Rəhbərlik “gəlirin personalla” bölüşdürülməsi siyasətini hələ 1880-ci illlərdən tətbiq etməyə başlayıb. O zamanlar bu cür bir praktika heç mövcud da deyildi.

Müəllif: Şilkina Viktoriya

Məqalə www.gd.ru saytına məxsusdur. Biznesmen.az tərəfindən tərcümə edilmişdir.