Azərbaycana investisiyanı necə cəlb etmək lazımdır? – detallar

Prezidentin 2006-cı il 30 mart tarixli sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafı, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılıb.

İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intelektual sərvətlərdən ibarətdir.

İnvestisiya obyektlərinə qiymətli kağızlar (səhmlər, istiqrazlar və s.), iqtisadiyyatın bütün sahələrində mövcud olan fondlar və dövriyyə vəsaitləri, məqsədli pul əmanətləri, elmi-texniki məhsul və mülkiyyətin digər obyektləri, əmlak hüququ və intellektual mülkiyyət hüququ aid edilir.

Kapital bazarı üzrə ekspert Cəfər İbrahimli bildirib ki,“ 2015-ci ildə qəbul edilən “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişikliklər edilərək investisiya şirkətlərinə yeni tələblər (şirkətlərin riskləri, maliyyə-hesabat, audit- şəffaflıq və s. ) gətirilib.

“Bunun üçün də əsas şərt kapital tələbi idi, yəni şirkət müəyyən kapitala sahib olmalı idi. İnvestisiya şirkətlərinə lisenziyanı hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası verir. Azərbaycanda investisiya şirkətləri lisenziyalı fəaliyyət göstərirlər və qiymətli kağızlar bazarında aparılan əməliyyatların illər etibar ilə kifayət qədər həcmi də var ki, bu 7-13 milyard manat arasında dəyişir. Əslində bu, o qədər də balaca bir rəqəm deyil”-C. İbrahimli qeyd edib.

Ekspert bildirib ki, yeni qanunun qəbulundan sonra investiya şirkətləri bazarının həm də arxitekturası dəyişəcək.

“Fond bazarı, Bakı Fond Birjasi, investisiya şirkətləri arasında yeni onlayn əməliyyat sistemi inkişaf etdirilir. Ümumiyyətlə qiymətli kağız alıb, satmaq istəyən şəxs bunu investisiya şirkətlərinə getmədən, elektron sistem üzərindən 5 dəqiqədə reallaşdıra bilər. Yəni bugünki investisiya şirkətlərinin arxitekturasından bunu deyə bilərəm ki, Azərbaycanda da dünyanının bütün inkişaf etmiş ölkələrində olan mexanizm var. Bizdə sadəcə olaraq bu bazar passivdir, investorların passivliyi məsələnin başqa tərəfidir. O ki qaldı mexanizmin  işləməsinə, qeyri -ölkələrdə necədirsə, Azərbaycanda da eynidir.  Yəni investisiya şirkətləri qeyri ölkələrdə hansı fəaliyyətləri göstərirsə, bizim investiyası şirkətləri də o xidmətlərinin hər birini göstərə bilir. Təkcə Azərbaycanda deyil, dünyanın hər bir yerində Amerika, Avropa, Türkiyədə bütün investisiya əməliyyatlarını cəmi 5 dəqiqədə yerinə yetirə bilərlər”.

Hal – hazırda Azərbaycanda fəaliyyət göstərən 6 investisiya şirkəti var ki, bunların da hər biri limitsiz lisenziyaya sahibdir:

1. “AzFinance İnvestisiya Şirkəti” QSC
2. “Kapital Menecment İnvestisiya Şirkəti” ASC
3. “Unicapital İnvestisiya Şirkəti” ASC
4. “İnvest-Az İnvestisiya Şirkəti” QSC
5. “Paşa Kapital İnvestisiya Şirkəti” QSC
6. “PSG-Kapital İnvestisiya Şirkəti” QSC

İnvestisiya şirkətləri lisenziyasız fəaliyyət göstərə bilməz. Belə ki, qiymətli kağızlar bazarında hər hansısa əməliyyat üçün Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziyası yoxdursa, Bakı Fond Birjası və Milli Depozit Mərkəzində üzvlüklə bağlı lazım olan tələblər yerinə yetirilməyibsə, heç bir qiymətli kağızın alqı-satqısı həyata keçirilə bilməz.

C. İbrahimlinin sözlərinə görə, bu bazarın bir tərəfini təşkil edən əsas tərəflər Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, investisiya şirkətləridir.

“Bunlar ortada mexanizmi qurublar və işi təşkil ediblər , digər sağ və sol tərəflərdə də alıcı və satıcılardır. İnvestorların marağında olan bir məsələ də budur ki, bazara daha çox şirkət gəlsə, nə qədər çox investor olsa, iş o qədər təkmilləşər, bazar o qədər dərin və nikbin olar. Bu bizim hədəfimizdir. Yəni hər gün yeni investor cəlb etmək üçün ölkənin onlarla şirkəti, bankları və yeni investorlarla mütəmadi görüşlər keçirilir.

Hesab edirəm ki, SOCAR-ın istiqrazları ilə, bazara kifayət qədər investor cəlb oluna bilib. Həmçinin də qiymətli kağızların alqı-satqısı həyata keçirilir. İstənilən  müştəri istədiyi anda bu əməliyyatı yerinə yetirə bilir, faizlər ovtomotik şəkildə bank hesablarına ötürülür”.

Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son dövrlər ölkədəki siyasi sabitlik və iqtisadi inkişaf xarici dövlətlərin Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da artırmışdır.

Ekspert Cəfər İbrahimli qeyd edib ki, daha çox investorun cəlb olunması prioritet məsələdir.

“İnvestor cəlb eləməyin yolu şəffaflığın təmin olunması, bazara SOCAR kimi şirkətlərin gəlməsidir. Bu şirkətlər bazara maliyyə aləti gətirməlidirlər. Onlar maliyyə aləti çıxarmalıdır ki, investorda bundan istifadə edə bilsin. Yeni şirkətlər yarandıqca, hesab edin ki, investorların sayı da buna paralel olaraq artacaq.”

Azərbaycanda Prezidentin  15 sentyabr 2017-ci il tarixli fərmanına əsasən, Kredit Zəmanət Fondu yaradılıb. Məqsəd isə sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir.

Başqa sözlə desək, bu, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, xırda və orta sahibkarlığın gücləndirilməsi üçün nəzərdə tutulub.

Cəfər İbrahimli bildirib ki, Kredit Zəmanət Fondunun yaradılması təcrübəsi qonşu ölkə Türkiyənin həyata keçirdiyi təcrübədir.

“Təbii ki, bu təcrübənin Türkiyə iqtisadiyyatı üçün müsbət təsiri oldu. Bizdə isə Kredit Zəmanət Fondunun yaradılması mexanizmi, hesab edirəm ki, quruluş mərhələsindədir. Əgər bu fond ciddi şəkildə , yəni tam şəffaf şəkildə işləyə bilsə, xırda və orta sahibkarların maliyyələşdirilməsinə dəstək verə bilsə, bu ölkə iqtisadiyyatında kreditləşmənin, maliyyələşmə mexanizminin  sadələşməsinə və iqtisadiyyata dəstək ola bilər”

Ekspertin fikrincə, bankların müştərilərə subyektiv davranarsa, qeyri-şəffaf iş rejimi olarsa, bu ölkə iqtisadiyyatına daha böyük ziyan verib, dövlət üzərinə əlavə yük gətirə bilər.

“Mexanizm tam şəffaf və dəyərləndirmələr normal aparılsa, digər ölkə təcrübələrinə əsaslanaraq deyə bilərik ki, bu mexanizmin olması istənilən şəkildə iqtisadiyyata müsbət təsir göstərəcək.

Qeyri-neft sektorunun inkişafına yönələn bir dövrdə investisiya şirkətlərinin artması və gənc sahibkarların işə daha çox cəlb olunması üçün layihələrin təşkili, dövlət qurumlarının yaranması vacib amildir. İnvеstisiyа ümumi dахili məhsulun tərkibində bir kоmpоnеnt кimi çıхış еdir. Və о hər bir cəmiyyətdə iqtisаdi inкişаfа nаil оlmаq və milli sərvətin аrtırılmаsını təmin еtməк üçün zəruridir.”