“Badamlı” Dubayda satışa çıxardılıb

“Badamlı” təbii mineral süfrə suyunun Dubayda satışına başlanılıb.

“Marja” “Gəmiqaya Mineral Sular” MMC-yə istinadən xəbər verir ki, “Badamlı” mineral suyunun xarici ölkələrə ixrac olunması cari ildə də diqqət mərkəzində saxlanılmış, ilk dəfə olaraq 123 min 900 ədəd mineral su dünya bazarının mühüm mərkəzlərindən biri olan Dubayda satışa çıxarılmışdır. 

“Həmçinin əvvəlki illərdə bağlanmış müqaviləyə uyğun olaraq, 21 min 200 ədəd mineral suyun Rusiya Federasiyasına göndərilməsi təmin edilmişdir. Qeyd edək ki, “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin iqtisadi əlaqələri daha da genişləndirilmiş, cari ilin ötən dövründə istehsal edilən “Badamlı” mineral süfrə suyunun 19,5 faizi muxtar respublika ərazisində satışa çıxarılmış, 70 faizi Bakı şəhərinə və müxtəlif regionlara, 9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 1,5 faizi isə Rusiya Federasiyasına ixrac olunmuşdur”,- MMC-dən bildirilib. 

“Badamlı” təbii mineral süfrə suyunun dünya bazarının mühüm mərkəzlərindən biri olan Dubaya və  Rusiya bazarına çıxarılması biznes əlaqələrinin genişləndirilməsi ilə bağlıdırsa, bu qiymətli təbii sərvətimizin xarici bazarda özünəməxsus yer tutması və möhkəmlənməsi onun dünya standartlarına uyğun yüksəkkeyfiyyətli istehsalı və müalicəvi əhəmiyyətinin nəticəsidir".

İSTEHSAL 12% ARTIB

“Gəmiqaya Mineral Sular”ının zavodunda tələbata uyğun olaraq, 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı, 5 və 19 litrlik plastmas taralarda qazsız olmaqla, ümumilikdə, cari ilin ötən dövründə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çox – 1 milyon 397 min ədəd yuxarıda göstərilən taralarda su istehsal edilmiş, 274 min ədədi muxtar respublika ərazisində, 977 min 900 ədədi Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində satışa çıxarılmışdır.

 “Badamlı” mineral süfrə suyunun muxtar respublika ərazisində satışı “Gəmiqaya Bərəkət Bazarlama” MMC, Bakı şəhərində və ölkəmizin digər regionlarında isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Bakı, Gəncə və Salyan Satış mərkəzləri vasitəsilə həyata keçirilir. İstehsal olunan məhsulun ticarət obyektlərinə vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılmış, müəssisəyə Almaniya istehsalı olan “Mercedes-Benz Axor” markalı yük avtomobilləri alınmışdır.

Həmçinin Avropa ölkə­lərində və digər xarici ölkələrdə bu əvəzsiz təbii sərvətimizin satışını təmin etmək üçün möhkəm baza yaradılmışdır. “Gəmiqaya Mineral Sular” MMC-də bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO-22000 və İSO-9001 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Bu da “Badamlı” mineral süfrə suyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi və dünya bazarına girişinin təminatıdır.

BU ŞİRKƏT YENİ HƏYAT VERİB

"Badamlı” mineral bulağı ötən əsrin ortalarında aşkar edilmişdir. 1945-1947-ci illərdə geologiya-minerologiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında bu ərazidə elmi-tədqiqat işləri aparılaraq müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə olunması məqsədəuyğun hesab edilmişdir. 1947-ci ildə burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə cəmi 30-40 litr su istehsalına başlanılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müəssisənin fəaliyyəti genişləndirilmiş, Almaniya və Çexoslovakiya istehsalı olan yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücü daha da artırılmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr, iqtisadi tənəzzül bu müəssisənin də fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf bütün sahələr kimi, sahibkarlıq fəaliyyətinin də genişləndirilməsinə böyük imkanlar açmışdır. Muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarmış, 2004-cü ildə özəlləşdirilən müəssisədə keyfiyyətli məhsul istehsalına başlanılmışdır. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir. 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları