“Gözləməyin ki, kimsə gəlib sizin üçün nəsə etsin” - Rəşid Əliyev

Rəşid Əliyev hesab edir ki, bizim gənclərimiz tənbəldir, ürəklərindən oturaq iş keçir 
Layihələrinin üzərində çalışanda yatmadığı gecələr də olub. Onun fikrincə, fokuslanmaq, işinə zaman xərcləmək və həvəslə işləmək uğur qazanmaqda əsas şərtlərdəndir. Deyir ki, heç vaxt işdən qorxmaq, ruhdan düşmək lazım deyil. Müsahibimiz Bionix Tech və BethClip şirkətlərinin təsisçisi və icraçı direktoru, AMEA-nın yeni yaradılacaq Elm və Texnologiyalar Parkının layihələr üzrə aparıcı mütəxəssisi, Azərbaycanda muzeylər üçün proqram yazmış, Amerika Ali Elm Assosiasiyasının üzvü Rəşid Əliyevdir. 

- Rəşid bəy, Amerikada iki şirkətiniz var. Onlardan biri BethClipdir. Bu şirkətin əsas məqsədi nədir?

- Bu, bir platformadır. Bu platformanın sayəsində müxtəlif əməliyyat sistemləri üzrə işləyən cihazların arasında məlumatı ötürmək üçün bir “klik” kifayətdir. Sadə dildə desək, məsələn, kimsə sizə lazım olan nömrəni ya adi mesaj, ya da vatsapla göndərir. Sizin həmin nömrəni götürüb harasa atıb, qeydiyyata salıb, sonra zəng etməyinizə ehtiyac yoxdur. Sözügedən platforma imkan verir ki, sadəcə, nömrəni bir qurğuda “kopyalamaqla”, digər qurğuda gələn bildirişin üzərinə basasınız və həmin nömrəyə zəng gedə. Qeyd edim ki, Betch Clip artıq yatırım alıb, startap modelindən çıxaraq şirkətləşib. BethClip Amerikanın CNBC telekanalı tərəfindən 2015-ci ilin dünya üzrə ən yaxşı 20 startapı arasında 4-cü yerdə qərarlaşıb. 

- Digər şirkətiniz BioniX Tech, İnc-də hansı işlər görürsünüz?

- Bu, “Braille Pad” layihəsi üçün qeydiyyatdan keçirdiyimiz şirkətdir. Beynəlxalq arenaya çıxmaq, beynəlxalq investisiyaların cəlbi üçün Amerikada şirkətləşmək daha məqsədəuyğun idi. Niyə “Braille Pad” deyil, BioniX Tech? Çünki BioniX Tech daxilində digər məhsulların da buraxılmasını planlaşdırıram. Mənim ideyam “Braille Pad”la bitmir, daha 2-3 innovativ layihəm də var. 

- “Braille Pad” layihəniz, deyəsən, dünyada ilkdir...

- Elədir. “Braille Pad” içərisində bildiyimiz əməliyyat sistemi olan xüsusi planşetdir, lakin ekranı qabarma, Brayl əlifbasına uyğun piksellərin qalxması ilə işləyir. Həmin nöqtələri lazım olduğu ardıcıllıqda qaldırmaqla görmə problemi olan insanlar, orda əks olunan şəkillərə baxa, internetə çıxa, elektron kitab oxuya bilərlər. Bundan əlavə, xüsusi brayl klaviaturası ilə də məlumatlarını və mətnlərini daxil edə bilirlər.

- Şirkətlərinizin ikisi də Amerikada qeydiyyatdan keçib və hər ikisi qlobal layihələrdir. Azərbaycan bazarı balaca olduğuna görə belə etmisiniz?

- Ümumiyyətlə, lokal layihələrdən qaçıram. Kimyada doyma dərəcəsi deyilən bir şey var. Bunu bazara tətbiq etsək, görərik ki, balaca bazar daha tez doyur və onun genişlənmə potensialı bir az problemli olur. Bu baxımdan qlobal layihələrə üstünlük verirəm. Bəzən mənə deyirlər ki, okean tullanıram, amma okeanda balaca bir balığam. Fikrimcə, balaca balıq okeanda fırlana-fırlana böyüyür. Okeanda elə sahələr var ki, bəlkə də akulalar yaşamır və xırda balıq da olsam, həmin hissələrdə yuva qurub, inkişaf edə bilərəm. 

- İki şirkət idarə edir, həm də AMEA-da çalışırsınız. Bu qədər işi necə çatdırırsınız? Planla işləyirsiniz?

- Startap elədir ki, plan qursan da, işlər plana uyğun getmir. Növbəti gün hara gedəcəyinizi planlaşdırırsınız, sabah başqa bir yerə dəvət etdiklərindən, həmin iş təxirə salınır. Yaxud siz məhsul buraxırsınız, sabah bir şirkət ortaya çıxıb həmin məhsulun oxşarını yaratmağa çalışır. Bu zaman siz məhsulunuzda dəyişiklik etməlisiniz. Ya da yeni texnologiya çıxır, yenə də dəyişmək qaçılmaz olur. Əgər planınızda düz gedib, sonra sola dönmək varsa, qəflətən bazar diqtə edir ki, ya birbaşa sola dönəsiniz, ya da iki dəfə sağa dönüb, sonra düz gedib, sonra sola dönəsiniz. Müştərilərin hərəkətindən, məhsuldan istifadəsindən və s. asılı olaraq, daha dinamik olmaq, bazarda baş verən hadisələrə daha tez reaksiya vermək məcburiyyətində qalırıq.

Qarşımızda yalnız uzunmüddətli hədəflər qoyuruq; məsələn, neçə min istifadəçi cəlb etməliyik, hansı bazarlara çıxmalıyıq, hansı reklam təminatlarını ödəməliyik və s. Amma qısamüddətli, həftəlik planlarımız olmur. 

- Öz layihənizin olması necə bir hissdir?

- Əslində öz işinizin, öz layihənizin olması sizin körpə uşağınızın olmasına bənzəyir. Uşaq gecə yarısı ağlayanda durub ona qulluq etdiyiniz kimi, layihənizdə də hansısa problem yarananda həll etməyə çalışmalısınız. Tutaq ki, proqram təminatı ilə məşğulsunuz və server problemi var, serverinizə xakerlər hücum edib, yaxud müştərilərin əməliyyat sistemində birdən-birə yenilənmə gedir. Sizdə problem yarananda, xəta baş verəndə proqram yüklənmir. Bu zaman sizə minlərlə elektron məktub gəlir. Buna görə övladınıza qulluq etdiyiniz, diqqət göstərdiyiniz kimi, layihənizi də diqqətdə saxlamalısınız. 

- Rəşid bəy, deyirlər, İT üzrə mütəxəssislər üçün həmişə iş yeri var. Bu nə dərəcədə düzgündür?

- Mən test üçün Azərbaycanda bəzi şirkətlərə işlə bağlı baş vurdum. Amma işə götürmədilər. Çünki vakansiyada tələb olunandan daha çox bildiyimdən məni işə götürmək işəgötürənə sərf etmir. Bilirlər ki, biliyi çox olana yüksək maaş verilməlidir. Boyun qaçırmaq üçün çox vaxt alternativ üsullardan istifadə edirlər. Bu baxımdan həddən artıq çox bilən mütəxəssislərin elə də böyük şansı yoxdur. Amma orta səviyyəli mütəxəssislər üçün iş tapmaq nisbətən daha rahatdır.

- Bir çox insanlar düşünür ki, İT mütəxəssisləri adətən özlərindən razı olur. Razısınız bu fikirlə? 

- Əslində elə deyil. Sadəcə, İT mütəxəssislərini ətrafdakılar düz başa düşmür. Sözügedən sahənin adamları başqa diapazonda, başqa dalğada və başqa şriftlərlə işləyir. Adi adamlarla onların arasında baryer var.

Yadıma bir fakt düşdü. Beş il əvvəl işlədiyim şirkətin filialından texniki mütəxəssisə zəng gəldi. Telefon danışığının şahidi oldum. Zəng edən onlarda sistemin işləmədiyini dedi. Texniki mütəxəssis dedi ki, kompyuterə yaxınlaşıb, pəncərəni açsın və ekranda nə gördüyünü desin. Adam bildirdi ki, “pəncərədə tarla görünür”. Belə hadisəylə qarşılaşanda, təbii ki, İT mütəxəssisi haqlı olaraq əsəbiləşir və bu da başqalarında özündənrazılıq kimi assosiasiya olunur. İnsanlar sadə, çox asan şeyi bilməyəndə İT mütəxəssisində onları başa salmaq üçün hövsələ qalmır. 

- İstənilən adam yaxşı İT mütəxəssisi ola bilər, yoxsa bunun üçün fitri istedad vacibdir?

- Bunun üçün fitri istedada ehtiyac yoxdur. Sadəcə, məntiqi düşünmə qabiliyyətin güclü olmalı, ana dilindən əlavə dildə, yaxud dillərdə danışmağı bacarmalısan. 

- İnkişaf etmiş ölkələrlə əlaqələriniz var. Azərbaycanla inkişaf etmiş ölkələrin gəncləri arasında hansı fərqlər var?

- Çox fərqlər var. Fikir azadlığı, ideya azadlığı, elmi texnoloji şərait və s. fərqlidir. Onlarda elmin real işə, biznesə çevrilməsi praktikadadır. Belə ki, universiteti bitirmədən də lazım olan minimum bilikləri əldə edib rahatlıqla həmin sahə üzrə işinizi qura, layihənizi ortaya qoya, yaşınızdan, iş təcrübənizdən asılı olmayaraq, onu elmi işiniz kimi istifadə edə bilərsiniz. Amma Azərbaycanda fəlsəfə elmləri üzrə doktor dərəcəsi almaq üçün mütləq neçə il iş təcrübəsi tələb edilir, işin mükəmməl olsa belə… 

Gənclərimiz arasındakı fərqə gəlincə, bizimkilər tənbəldir, istəyirlər, rahat otursunlar və kimsə onlara pul versin. Ürəklərindən oturaq ofis işi keçir. Harasa gedim, kiminləsə danışım, nəsə edim… bu işlər bizim gənclərə yaddır. 

Gənclərimizin bir problem də odur ki, məqsədsiz oxuyurlar. Universitetdəki tələbələrdən oxuduqları ixtisası niyə seçdiklərini, bundan sonra planlarının nə olduğunu soruşsan, cavab verə bilməyəcəklər. Əsas məqsədləri diplom almaqdır. Xaricdə isə diplom mütləq deyil. Adamlar təhsillərini yarımçıq qoyub hardasa işə başlaya bilər. Bizdə həm də insanların mentaliteti, təhsilə münasibət dəyişməlidir. 

- Son ənənəvi sualımız: uğur sirriniz nədədir? 

- Layihələrimin üzərində çalışanda yatmadığım gecələrim olub. Məncə, fokuslanmaq, işinə zaman xərcləmək və həvəslə işləmək uğur qazanmaqda əsas şərtlərdəndir. Bizdə bir çox layihələr hər hansı bir yatırım alıb 3-4 aydan sonra yoxa çıxırlar. Mənim birinci layihəmə beynəlxalq yatırım oldu. Yatırımdan qabaq da cibimdən pul qoymuşdum. Layihənizə, işinizə, ideyalarınıza öz pulunuzu, vaxtınızı və biliyinizi qoymaqdan çəkinməyin. Nəticəni görəcəksiniz. Gözləməyin ki, kimsə gəlib sizin üçün nəsə etsin. Layihələrimin üzərində işləyəndə komandamın dağıldığı vaxtlar da olub. Amma mən yenə dayanmamışam. Qorxmaq, ruhdan düşmək lazım deyil. 

Mənbə: kaspi.az