“Hyundai Motor Company” şirkəti tam Yeni Elantra avtomobilinin təqdimatını Bakıda keçirib.

Martın 16-da, Cənubi Koreyanın “Hyundai Motor Company” şirkəti tam Yeni Elantra avtomobilinin MDB və Şərqi Avropa ölkələri üzrə təqdimatını Bakıda keçirib.

Bakının müasir rəmzlərindən birinə çevrilmiş “Alov qüllələri”ndə keçirilmiş təqdimatda Hyundai şirkətinin MDB və Şərqi Avropa ölkələri üzrə  nümayəndələri, Cənubi Koreya Respublikasının ölkəmizdəki səfirinin birinci müavini, KİV nümayəndələri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.

Təqdimat mərasimi çıxışlar ilə başlayıb. Hyundai şirkətinin əməkdaşları bildiriblər ki, tam yeni Elantra dinamik sitilə, yüksək idarəetmə imkanlarına, geniş yerə və  ən təhlükəsiz sistemlərə malikdir. Avtomobilin kapotu altında 1,6 və 2 litrlik mühərrik quraşdırılır. Avtomobil qənaətcildir və ətraf mühitin dostudur.

“20 İLDİR MÜŞTƏRİLƏRİ RAZI SALIRIQ”

“Auto Azerbaijan” şirkətinin rəhbəri Nasir Seyidzadə bildirib ki, artıq 20 ildir Hyundai markası “Auto Azerbaijan” şirkəti tərəfindən Azərbaycanda təmsil olunur. Hyundai-nin həm minik, həm də kommersiya avtomobilləri üzrə model sırası çox genişdir. “Auto Azerbaijan” şirkəti  hər zaman həm satış, həm də satışdan sonra müştərilərini razı salmışdır:

“Çox sevindirici haldır ki, dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Hyundai Motor Company”  çox önəmli modeli olan tam yeni Elantranı regionda birinci dəfə Azərbaycanda təqdim edir. Biz buna görə, Hyundai şirkətinə minnətdarıq.  Elantra modeli Hyundainin ən çox satılan modellərindən biridir. Dünən mən öyrəndim ki, indiyədək dünyada 11 milyon ədədə yaxın Elantra modeli satılmışdır”,- deyə Nasir Seyidzadə bildirib.

“HYUNDAİ ETİBARLIDIR VƏ QİYMƏTLƏRİ MÜNASİBDİR”

Cənubi Koreya Respublikasının ölkəmizdəki səfirinin birinci müavini Teç yu Yong bildirib ki, 20 il ərzində Hyundai Azərbaycanda yaxşı tanınmış və bir nömrəli markaya çevrilmişdir:

“Mən tez-tez azərbaycanlılar ilə görüşürəm. Onlar Hyundai avtomobili sürürlər. Onlar Hyundai-dən razıdırlar və deyirlər ki, Hyundai çox etibarlı avtomobildir və qiymətləri də münasibdir. Mən də Hyundai Santa Fee sürürəm və bu avtomobil ailəmizin çox xoşuna gəlir”.

ÖTƏN İL 5 MİLYON ƏDƏD HYUNDAİ SATILIB

Təqdimatda “Hyundai Motor Company” şirkətinin İctimaiyyətlə əlaqələr (PR) üzrə meneceri çıxış edərək Hyundai şirkəti haqqında ətraflı məlumat verib. O bildirib ki, Hyundai Motor, tərkibində 15 şirkət olan Hyundai Motor Qrupa daxildir. Hyundai Motor Qrup avtomobil istehsalı (Hyundai və KİA), polad sənayesi və tikinti sahəsində fəaliyyət göstərir:

“1967-ci ildə yaradıldıqdan sonra Hyundai avtomobil istehsal edən qlobal şirkətlərdən birinə çevrilmişdir. Hazırda Hyundai-nin 18 ölkədə zavodu və 190 ölkədə satış və servis şəbəkəsi var. Son 10 ildə bizim satışımız kəskin artmşdır. Ötən il bizim satışımız 5 milyon ədədə bərabər olub. 2016-cı ildə isə 5 milyon ədəddən də artıq avtomobil satmağı hədəfləyirik. Bu hədəfə nail olmaq üçün yeni Elantaradan da istifadə edəcəyik. Həmçinin Çindəki zavodumuz fəaliyyətə başladıqdan sonra 5 milyondan çox satış məqsədimizə rahat nail olacağıq”.

HYUNDAİ DÜNYANIN 5-Cİ ƏN BÖYÜK AVTOMOBİL ŞİRKƏTİDİR

Rəsmi çııxışlardan sonra “Natiq” ritm qrupunun  ifası olub və örtük yeni Elantranın üstündən götürülüb.

Hyundai şirkətinin məhsul meneceri çıxış edərək bildirib ki, 1-ci nəsil Elantra 1990-cı ildə istehsal olunmuşdur və hər 5 ildən bir Elantra modeli yenilənmişdir.  Hazırda təqdim olunan avtomobil 6-cı nəsil Elantradır. Elantra modeli Hyundainin qlobal satışlarına böyük töhvə vermiş və dünyanın 5-ci ən böyük avtomobil şirkətinə çevrilmişdir.

“Biz inanırıq ki, Elantranın yeni nəsli indiyə qədər hazırladığımız ən yaxşı Elantradır”, - o deyib.

“AĞILLI BAQAJ XÜSUSİYYƏTİ”

Texnoloji baxımdan çox təkmilləşdirilmiş Elantranın çoxsaylı premium xüsusiyyətləri, o cümlədən premium səsi və baqaj yerinin qapısının toxunmadan açılması diqqəti çəkir:

“Açar cibinizdə avtomobilə arxadan yaxınlaşdıqda baqajın qapısı 3 saniyədən sonra açılır. Sizin avtomobilə toxunmanıza ehtiyac yoxdur ”.

Yeni Elantra 7 hava yastığı ilə təchiz olunur. Yeni Elantra daha dinamikdir, daha rahatdır və daha təhlükəsizdir.

“ELANTRA ÇOX BAHA OLMAYACAQ”

Təqdimat çərçivəsində mətbuat konfransı da keçirilib: Hyundai Motor şirkətinin nümayəndələri və “Auto Azerbaijan” şirkətinin rəhbəri Nasir Seyidzadə xaricdən gəlmiş və yerli jurnalistlərin suallarını cavablandırıblar.

Nasir Seyidzadə bildirib ki, yeni Elantra 30-35 min manat arasında qiymətlər ilə təklif olunacaqdır:

“Devalvasiya nəticəsində Dollar Manat karşısında bahalaşıb. Bu, avtomobillərin də qiymətlərində hiss olunur. Bundan əvəl Azərbaycanda bir çox marklar avtomobilləri çoxlu opsiyalar (təchizat) ilə təklif edirdilər. Devalvasiyadan sonra, bəzi markalar qiymətlərin  münasib olması üçün, avtomobilləri az opsiyalar ilə təklif etməyə başlayıblar.

Hyundai Elantranın qiyməti isə bir əvvəlki modeli ilə müqayisədə çox da bahalaşmayıb. Yeni nəsil Elantra istehsal olunduğundan əvvəlki nəsil Elantranı çox aşağı qiymətə satırdıq, nə Hyundai Motor, nə də biz demək olar ki, gəlir götürmürdük. Yeni model  həmişə əvvəlki modeldən nisbətən yüksək qiymətə malik olur. Sadəcə devalvasiyaların olması avtomobilin qiymətini bir az yüksək edir. Gözləyirik ki, bazar yaxın zamanda yeni qiymətlərə öyrəşəcəkdir”.  

Təqdimatın sonunda populyar müğənnilər öz mahnılarını ifa ediblər.

Mənbə: Marja


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları