Hyundai-nin premium arzuları

    Martın 17-si Fairmont otelində Hyundai Elantranın təqdimatı oldu. Chevrolet-in nümayəndəsi olaraq rəqib şirkətin modelinin təqdimatında olmaq həqiqətən də xoş təəssürat bəxş etdi buna görə də təşkilatçılara bir daha dəvət üçün təşəkkürümü bildirirəm.

    Əslində bizimkilər yəni Amerikalılar (Chevrolet) nə qədər Hyundai-ni özlərinə rəqib saymasalar da, hətta adının bir yerdə çəkilməsindən qıcıqlanıb “100 ildən artıq tarixi olan bir markanı necə dünənin markası ilə müqaisə edə bilərsiniz?” havasında olub,  yuxarıdan aşaqı baxsalar belə etiraf etməliyik ki bizim Avtomobil bazarımızda Chevrolet-in ən böyük rəqibi elə Hyundai-dir. Özü də elə belə rəqib yox: vaxtı ilə Chevrolet-dən ən azı 2 dəfə çox satış edən güclü bir rəqib. (Baxmayaraq ki son 7-8 ayda aylıq satışları Chevrolet-i heç cür üstələyə bilmir . O baxımdan təqdimatın bütün məqamları mənim üçün o qədər vacib idi ki, heç bir nüansı qaçırmadan izləməyə çalışırdım. Həm də Cənubi Koreya-ya olan xüsusi rəğbətimdən dolayı bu ölkənin bütün markalarına ayrı bir sevgi bağım var . :)

    Hər kəsə məlumdur ki Hyundai artıq 20 ildən çoxdur ki Azərbaycanda Auto Azərbaycan tərəfindən sözün əsl mənasında yüksək şəkildə təmsil olunur. Və əslində buna görə də yeni modelin regional (Şərqi Avropa və MDB) təqdimatının Azərbaycanda keçirilməsi də bu baxımdan Auto Azərbaycanın ən böyük uğuru hesab edilə bilər. Çünki indiki avtomobil bazarının böhranla əlaqədar çox aşağı dinamikasının olduğu bir vaxtda külli miqdarda xərc bahasına başa gələn belə təqdimat ancaq regional təqdimat baxımından effektiv sayıla bilər. Bu haqda dəqiq informasiyam yoxdur lakin əgər bu xərclərin 20%-dən çoxunu Auto Azərbaycan təmin edibsə o zaman təqdimatı effektiv hesab etmək qətiyyən mümkün deyil. Çünki hal-hazırkı avtomobil bazarı daha öncə də qeyd etdiyim kimi bu qədər xərci qarşılayacaq potensialda verimli deyil artıq. Xüsusən də təqdim olunan yeni Elantranın 30.900-37.900 manat qiymət arasında olan bir model olduğunu nəzərə alaraq. Çünki təqdimatda nümayəndələrinin özlərinin də etiraf etdikləri kimi model nə qədər mükəmməl olsa belə durğun bir dönəmdə onu reallaşdırmaq və satışını təmin etmək bir o qədər də asan olmayacaq. Yox əgər xərclərin 20%-dən azı Auto Azərbaycanın üzərinə düşübsə o zaman bu təqdimatı effektivlik baxımından çox müsbət dəyərləndirmək olar hətta bunu Auto Azərbaycanın böyük uğuru hesab eləmək olar.   

Hyundai-nin qlobal strategiyası.

    Tədbirdə çıxış edən Koreyalı nümayəndənin çıxış və təqdimatından və ümumiyyətlə  Auto Azərbaycanın  Azərbaycanda formalaşdırmağa çalışdığı strategisayından müşahidə etdiyim və sezdiyim qədəri ilə Hyundai gələcək onillikdə daha premium seqmentə xitab etməyə çalışır. Bunun nə qədər uğurlu olub olmayacağını zaman göstərəcək amma mən hal-hazırda Hyundainin “xalq markası” olaraq uğuruna daha çox inanıram. Bu səbəbdən mövcud mövqe ilə tədbirdə də aşılanmaqa çalışılan bütün premium asossasiyanın marka və modelləri ilə vəhdət təşkil etmədiyindən, həm hal-hazırkı xitab etdiyi seqmentində çaşqınlıq yarada biləcəyindən, həm də Hyundainin çatmaq istədiyi və ya planlaşdırdığı seqment üçün o qədər də maraqlı olmadığı üçün (Yəni Hyundai premium marka olaraq qəbul olunmur)  atılan addımların marka üçün böyük problemlər formalaşdıracağını düşünürəm. Hətta Hyundai qlobal olaraq bu strateji üzərindən getsə belə, Auto Azərbaycan Azərbaycanda xüsusən də böhran dönəmində daha çox zərbə alan premium brendlərin hal-hazırkı vəziyyətindən nəticə çıxararaq qlobalın yürütdüyü strategiyanı bu bazara daşımamalıdır və daha üst seqmentə yönəlmə arzularından vaz keçməlidir.   Ki, bəzi biznes sahələrində qloballa “eyni dildə danışmamaq” kökündən yanlış olsa belə təcrübə göstərir ki avtomobil biznesində bu gedişlər normaldır və mümkündür.

    Yox əgər Hyundai-nin ümumiyyətlə belə bir planı yoxdursa və mənim müşahidələrimdən aldığım nəticələr kökündən yalnışdırsa o zaman markanın xitab etdiyi seqmentin dili ilə danışa bilməməkdə problemləri var.  Bu da onun xalq deyimi ilə demiş olsaq “Əlidən də, Vəlidən də olma”sına gətirib çıxara bilər. 

Müəllif: Anar Fəth Fətəliyev

Performance Center ( Chevrolet Azerbaijan) - Marketinq Direktor