Pambıq və tütün əkininə yardımlar veriləcək

Nazirlər Kabineti “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin və herbisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

İndiyə qədər kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verilib.

Dəyişikliyə əsasən bundan sonra pambıq və tütün əkininə görə də dövlət büdcəsinin vəsaiti hesabına yardımlar veriləcək. Başqa sözlə, indiyə qədər dövlət büdcəsinin vəsaiti hesabına istehsalçılara yardımın verilməsində əsas meyar kənd təsərrüfatı məhsullarının istehsalı üçün becərilən 1 (bir) hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsi və çoxillik əkmələr götürülüb. İstehsalçılara hər hektar hesabı ilə bitkilərin becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə 50 manat, buğda və çəltik səpininə görə əlavə 40 manat yardım verilib. Dəyişikliyə əsasən bundan sonra istehsalçılara hər hektar hesabı ilə bitkilərin becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə 50 manat, buğda və çəltiklə bərabər pambıq və tütün əkininə görə də əlavə 40 manat yardım veriləcək.

İndiyə qədər “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin və herbisidlərin qiymətinə 70 faiz həcmində güzəşt tətbiq edilməklə, onun məbləğinin yuxarı həddi hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələr üçün 80 manat, herbisidlər üçün 10 manat məbləğində müəyyən edilib.  Bu sahədə də məbləğlər dəyişib. Başqa sözlə, bundan sonra “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmiş biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 100 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 10 manat məbləğində müəyyən edilib.

Eyni zamanda biohumusun satışını həyata keçirən hüquqi və fiziki şəxslər onlar haqqında məlumat bazasının formalaşdırılması məqsədi ilə maddi-texniki bazası, VÖEN-i, bank rekvizitləri, telefon və faks nömrələri və ya elektron poçt ünvanı, hüquqi şəxslər üçün - adı, hüquqi və faktiki ünvanları, fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatları (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir), olduğu ünvan barədə məlumatları Respublika Komissiyasına təqdim etməlidirlər.