“Petronas” Azərbaycanda layihələrə indiyədək 4 mlrd. dollardan çox investisiya qoyub

"Azərbaycan coğrafi baxımdan Malayziyadan uzaq olsa da, bu amil iki ölkənin şirkətlərinin fəal əməkdaşlığına və investisiya qoyuluşuna mane olmur. Bu gün “Petronas” şirkətinin investisiyası 4 mlrd. dolları keçib". Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rahman “Caspian Energy İnternational Media Group”un nümayəndələri ilə görüşdə deyib.

Diplomat qeyd edib ki, Malayziya Azərbaycana Qafqaz regionunda və İslam dünyasında əhəmiyyətli tərəfdaş kimi baxır.

“Malayziya Azərbaycan Prezidenti İlham Əliyevin inauqurasiya çərçivəsində Malayziyaya və Cənubi-Şərqi Asiya ölkələrinə səfərini səbirsizliklə gözləyir. Bu mühüm səfər ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmlənməsinə təkan verəcək və hər iki tərəfdən xeyli sayda investisiyanın cəlbinə yardım edəcək”, - səfir vurğulayıb.

Onun sözlərinə görə, səfirliyin 2014-cü ilin aprelində rəsmi təsis olunmasına baxmayaraq, əlaqələrin inkişafının əsası həmin vaxt Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana səfəri və Malayziya neft şirkətinin “Şahdəniz” layihəsinə daxil olması ilə qoyulub.

Qeyd edək ki, “Petronas” “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsində və Cənubi Qafqaz Boru Kəmərində 15,5% iştirak payına, həmçinin “Azerbaijan Gas Supply Company”nin səhmlərinin 12,4%-nə sahibdir.

“Bu gün Azərbaycan öz iqtisadiyyatını diversifikasiya edir və Malayziya iqtisadiyyatın bütün sahələrində böyük təcrübəyə sahib olduğu üçün strateji tərəfdaş ola bilər”, - diplomat vurğulayıb. Bakı-Tbilisi-Qars marşrutunun perspektivlərinə toxunan səfir bunun qonşu dövlətlər üçün geniş imkanlar açan olduqca mühüm və uzunmüddətli layihə olduğunu deyib.

Görüşdə Azərbaycan-Malayziya arasındakı informasiya əməkdaşlığını genişləndirmək və bu əlaqələrdə mümkün qədər geniş iştirak etmək perspektivlərinə toxunulub. 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları