Səhv etmirsənsə, demək, işləmirsən - Arzu Cəmilova

Arzu Cəmilova deyir ki, işçidə ən vacib xüsusiyyət işləmək istəyinin olmasıdır 
Uğurun sirrinin bir neçə amildən ibarət olduğunu deyir: uğurlu olmağı istəmək, uğurlu ola biləcəyinə inanmaq, daim öyrənmək və işləmək, bunları tək deyil, güclü komanda ilə birgə etmək. Müsahibimiz səhvlərinə görə üzülməyi xoşlamayan, əksinə, səhvlərindən öyrənməyi bacaran bir xanımdır. Smart Resources Groupun rəhbəri Arzu Cəmilova ilə yaxından tanış olaq. 

- 2011-ci ilə qədər müxtəlif şirkətlərdə işləmisiniz. “Azercell”, “Azerfon” kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışmısınız. Necə oldu, öz şirkətinizi qurmağa qərar verdiniz?

- Çalışdığım son şirkət “Azerfon” olub. 2008-2010-cu illərdə sözügedən şirkətdə İnsan Resursları Departamentinin rəhbəri olmuşam. Üçüncü övladım dünyaya gəldiyindən 2010-cu ildə analıq məzuniyyətinə çıxdım. Məzuniyyətdən qayıdanda artıq rəhbərlik dəyişmişdi və müqaviləm bitmişdi. Yəqin heç vaxt o şirkətdən getməyəcəkdim, çünki iş maraqlı idi, vəzifəm yaxşı idi. Amma düşünürəm ki, bu, mənim xeyrimə oldu. Çünki bilik və bacarıqlarımın sahibkar olmaq üçün daha uyğun olduğunu anladım. 2011-ci ilin oktyabrında şirkətimi qeydiyyatdan keçirdim və yavaş-yavaş işimi qurdum. Bu gün artıq bir neçə tanınmış beynəlxalq müştəriyə xidmət göstəririk. 

- Şirkətiniz hansı xidmətlər göstərir?

- Müxtəlif şirkətlər üçün mütəxəssis vəzifəsindən tutmuş rəhbər vəzifəsinə qədər kadr seçimi xidmətləri göstəririk. Təlimlər təşkil edirik. Bundan başqa “outstaffing” və “outsourcing” kimi xidmətlərimiz var. Belə ki, bəzən şirkətlər öz xərclərini daha səmərəli etmək üçün işçilərini özləri qeydiyyatdan keçirmir, bizə müraciət edirlər. Məsələn, hansısa şirkətin işçilərindən 10 nəfərini biz qeydiyyatdan keçirir, sənədlə onlar bizim işçilər sayılır, əslində isə müştərimizin ofisində çalışır, onların rəhbərliyinə tabe olurlar. Bundan başqa, maaş hesablamalarından tutmuş, sənədləşmə işlərinə kimi bir sıra xidmətləri də həyata keçiririk. Bazarda o zamanlar yeni olmağımıza baxmayaraq, 2013-cü ildə Bakı-Avropa Oyunları Əməliyyat Komitəsinə işçi seçimi etmək üçün ilk olaraq bizim şirkətə üstünlük verildi. 

- Öz işinizi qurmaqda sizə kim dəstək oldu?

- Əslində düşünürdüm ki, “Azerfon”dan sonra hansısa firmada çalışım. O zaman bir neçə şirkətdən iş təklifi aldım. Amma anlayırdım ki, bunlar mənim üçün uyğun işlər deyil. Böyük şirkətlərdə işləmiş rəhbər üçün daha kiçik şirkətlərdə insan resursları sahəsində çalışmaq işin həcmi və səviyyəsi baxımından fərqlidir. Sonra fikirləşdim ki, mənə uyğun iş yoxdursa, o zaman o işi yaratmaq lazımdır. Çünki artıq evdə otura bilmirdim. Evdə oturanda mənə elə gəlirdi ki, vaxt boş-boşuna gedir, mən heç nə öyrənmir və faydalı ola bilmirəm. O vaxt bu ideyanı gerçəkləşdirmək bir az mümkünsüz kimi görünürdü. Amma işləməyə çox istəkli olduğumdan hər şey yaxşı alındı. İndi mənə təkrar iş qurmağı təklif etsələr, bəlkə də qurmaram, çünki çox böyük çətinliklərdən keçdim. 

- Başqa şirkətlərə işçi seçmək daha çətindir, yoxsa öz şirkətinizə?

- Digər şirkətlər üçün seçim edərkən heç vaxt sonuncu qərarı mən vermirdim. Şirkətin verdiyi tələblərə uyğun bir neçə nəfər təklif edirdim. Əlaqəli rəhbərlər onlarla görüşüb daha uyğununu seçirdilər. Öz şirkətimdə son qərarı özüm verəndə rəhbər işçilərin üzərinə düşən məsuliyyəti anladım. Son qərar vermək həqiqətən çətindir. 

- Peşəkarlığı bir kənara qoysaq, işçi seçimində nələrə diqqət edirsiniz?

- Əvvəllər insanların professionallığına daha çox fikir verirdim. Amma sonradan anladım ki, işçidə ən vacib xüsusiyyət işləmək istəyinin olmasıdır. Yəni əgər işçi işləmək istəyirsə, hər bir şeyi öyrənə bilər. Çünki indi öyrənmək üçün müxtəlif çoxsaylı vasitələr və məlumatlar mövcuddur. Buna görə də çox işləmək istəyən insanları işə götürürəm, onlar da işə uyğunlaşmaq və öhdəsindən gəlmək üçün əllərindən gələni edirlər. Şəxsi keyfiyyətlərə gəlincə, mehriban, dürüst ünsiyyət qura bilən, ətrafındakılara yaxşılıq arzulayan insanlarla işləməyə üstünlük verirəm. 

- Hərdən ideal həyat yoldaşı, ideal ana, ideal rəhbər olmaqdan, işləməkdən bezmirsiniz?

- Ev işlərində mənə kömək edən xanım olsa da, məsuliyyət yenə də öz üzərimdədir. Bütün bu işləri sevə-sevə edirəm və hamısını da çatdırıram. Düşünürəm ki, hər kəs bunu edə bilər, təki istək olsun. Düzdür, yeni ailə quranda, işə yeni başlayanda səhvlər olur və nəyisə çatdırmırsan. Lakin cəhd edirsən və hər şey yavaş-yavaş yoluna düşür. 

- İş sizin üçün nədir?

- İş, mənim üçün potensialımın gerçəkləşdirilməsi üçün bir imkandır, həyat eşqimdir. Mən işləyə-işləyə inkişaf edirəm. Özümü işsiz təsəvvür etmirəm və düşünürəm ki, heç bir qadın işsiz olmamalıdır. Məcbur deyil, hansısa vəzifədə çalışsın, əsas odur, peşəsi olsun, saç ustası, aşpaz, dərzi işləsin. 

Düzdür, uşaqlara diqqət lazımdır, amma bir müddətdən sonra uşaqlar böyüyür və hərəsi bir tərəfə gedir. Sənsə karyera qura biləcəyin yaşda ömrünü uşaqlarına həsr edəndə həmin vaxtı itirir, sonra özünü boşluqda tapırsan. Çünki inkişaf etməli vaxtında nə təhsil ala, nə təhsilini təkmilləşdirə, nə də peşə sahibi ola bilirsən, üstəlik, uşaqlar dünyaya gəlməmişdən əvvəl əldə etdiyin iş təcrübəsini belə itirirsən. 

- Bizim kimi cəmiyyətlərdə qadınların böyük əksəriyyəti karyeralarında irəliləyə bilmirlər. Sizcə, bu, daha çox nə ilə bağlıdır? Kişilərimizin mühafizəkar olması, yoxsa xanımlarımızın iddialı olmaması ilə...

- Hesab etmirəm ki, bizim cəmiyyətdə qadınları qabağa getməyə qoymurlar. Əksinə, qadınlara irəli getmələri üçün daha çox dəstək verirlər. 
Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, heç vaxt belə bir yanaşma ilə rastlaşmamışam. Düşünürəm ki, qadınlarımız iddialı deyil. Ola bilsin, karyera pilləsində irəliləmək istəyi xanımlarımızda çox zəifdir və hansısa maneəni görəndə dayanırlar. Sonra da deyirlər ki, onları qabağa getməyə qoymurlar. Əslində özləri irəliləmək üçün kifayət qədər səy göstərmirlər. 

- Deyirlər, qadın rəhbərlər daha tələbkar, məsuliyyətli olurlar... 

- Mən əksini düşünürəm. Qadın və kişiləri müqayisə etsək, kişilər daha məsuliyyətli və ağıllıdır, intellektual səviyyələri daha yüksəkdir. Dünyada kişi alimlərin sayı daha çoxdur. Ümumiyyətlə, hər bir işin ən yaxşısını kişilər edir. Məsələn, yemək bişirmək qadın işidir, amma kişi aşpazlar daha gözəl yemək bişirir. 

- Dünyada kişi alimlərin daha çox olduğunu deyirsiniz. Sizcə, qadınların ev işləri ilə daha çox məşğul olması onların karyera pilləsində irəliləməsinə mane olan amillərdən deyil ki?

- Mən özüm də ev işlərini görürəm. Amma bir dəqiqə boş vaxt tapan kimi oxuyuram. Günlərinin böyük hissəsini ev işlərinə həsr etdiklərini deyən qadınlar bəhanə axtaranlardır. Kişilərin də özlərinə aid ev öhdəlikləri var; bazarlıq, kommunal xidmətləri keçirmək və s. Şəxsən mənim bu işlərdən xəbərim olmur. Ailənin cavabdehliyi kişilərin üzərindədir. Bu məsuliyyətin psixoloji ağırlığını heç bir şeylə müqayisə edə bilmərik, o da qala, ev işləri olsun. 

- Deyəsən, həyat yoldaşınız sizi çox dəstəkləyir?

- Bəli. O, hər zaman mənim işləməyimi istəyir. Düşünür ki, kişi, yaxud qadın olmasından asılı olmayaraq, hər bir insanın işi, peşəsi olmalıdır. Analıq məzuniyyətindən iş həyatına qayıdanda məni yenidən işgüzar görkəmdə gördüyünə sevinirdi. 

- Son sualımız: uğur sirriniz nədədir?

- Mənim üçün uğurun sirri bir neçə amildən ibarətdir. Birincisi, uğurlu olmağı istəmək. İkincisi, uğurlu ola biləcəyinə inanmaq, üçüncüsü, məqsəd qoyub, onlara çatmaq üçün daim öyrənmək və işləmək. Dördüncü isə güclü komandanın, ətrafında pozitiv və səni dəstəkləyən insanların olmasıdır. Bundan əlavə, etdiyin səhvlərə görə ruhdan düşməməlisən. Əksinə, səhvlərin sənin üçün gözəl təcrübədir. Əgər səhv etmirsənsə, demək, işləmirsən. 

Mənbə: Kaspi.az