Şəxsi biznesini genişləndirən oyma ustası - Elçin Şamxalov

Ailə bizneslərinə dəstək verən ABAD mərkəzlərində maraqlı və qeyri-adi əl işləri satılır. Onların sırasına oyma sənəti ilə ailəsini dolandıran Elçin Şamxalovun hazırladığı qeyri-adi sənət əsərləri də yer alır. 

Gördüyü işlər barədə FED.az-a danışan oyma ustası işində məsuliyyətin artdığını deyir. Bakı şəhər sakini Elçin Şamxalov 24 ildir taxta üzərində oyma sənəti ilə məşğuldur. Bu sənəti ilk dəfə ailə üzvlərindən öyrəndiyini bildirib:

“Mənim dayım və qardaşım əvvəllər dülgər işləyiblər. Taxta üzərində oymaçılıq sənəti ilə onların yanında tanış olmuşam. Əvvəllər mənə çətin gəlirdi, düşünürdüm ki, öhdəsindən gələ bilmərəm. Lakin tədricən bütün çətinlikləri arxada qoydum, 4 il Şəkidə ustadımdan dərs aldım. 1995-ci ildə İncəsənət Gimnaziyasında təhsilimi bitirdikdən sonra taxta oymaçı kimi müstəqil fəaliyyətə başladım”

Əl işlərində “İçərişəhər”in təsvirlərini əks etdirən, şərq üslubunda işləməyə üstünlük verən sənətkarın sözlərinə görə, əsasən cökə və qoz ağaclarından istifadə edir:

“İlk əl işim düz taxtanın üzərində naxışlardan ibarət olub. Əvvəlcə həndəsi naxışlarla işləməyə başlasam da, sonradan şərq naxışları və “İçərişəhər” mövzusuna üstünlük verdim”.

ABAD-a müraciətinin səbəblərindən danışan sənətkar qeyd edir ki, əl işlərinin müəlliflik hüququnun tanınması onun üçün çox vacibdir. Onun alıcıları isə əsasən turistlərdir:

“Əvvəllər hazırladığım əl işlərini müxtəlif mağazalara təqdim edirdik. Lakin heç kim həmin işlərin mənə məxsus olduğunu, tərəfimdən hazırlandığını bilmirdi. ABAD sənətkarlıq mərkəzlərində isə hər bir məhsulun müəllifini təsdiqləyən kitabça təqdim olunur”.

Əvvəllər fasilələrlə işlədiyini, müəyyən müddətlərdə satış edə bilmədiyini deyən E.Şamxalov ABAD-la müqavilə bağladıqdan sonra işinin nizama düşdüyünü, qazancının artdığını deyib. Onun sözlərinə görə, əl işlərinin qiymətləndirilməsində, qablaşdırılmasında ABAD ustaya kömək edib: 

"Əvvəl mən evdə suvenirləri hazırlayırdım və satışla məşğul olan tanışlara verirdim. Ona görə də bazardakı qiymətlərdən o qədər də məlumatlı deyildim. Ancaq indi ABAD vasitəsilə əl işlərimi nisbətən baha sata bilirəm. Əgər əvvəl mən bir əl işimi 10 manata satırdımsa, ABAD ona 18 manat qiymət qoydu. Və həmin qiymətlərlə də satışı normal gedir". 

E.Şamxalovun istifadə etdiyi taxta materialları əldə etməyə çətinlik çəkməsə də qiymətlərin bahalaşdığını vurğulayıb: "Avqustda taxtanın 1 kubunu 670 manata təklif ediridlər. İndi bu qiymət 730 manatdır". 

Mövsümlə bağlı olaraq satışların zəiflədiyini deyən usta mart ayından etibarən bazarın canlanacağına ümid edir: "Yanvar-fevral aylarında, adətən, insanların alıcılıq qabiliyyəti aşağı olur. Ona görə satışlar bir az zəifləyib. Ancaq mart ayında bayramlarla bağlı Bakıda turistlərin daha çox olacağı gözlənilir. O zaman da satışın artacağını gözləyirik". 

Usta kiçik biznesini günün tələbinə uyğunlaşdıra bilib. Onun dediyinə görə, əvvəl daha irihəcmli suvenirlər hazırlayırdı. Ona həm çox vaxt sərf edir, həm də daha çox material tələb olunurdu. Ancaq ABAD mütəxəssislərinin məsləhəti ilə usta indi nisbətən kiçik həcmli oymalar hazırlayır. Belədə satışın daha çox olduğunu söyləyir. 

ABAD-la müqavilə bağlamaqla E.Şamxalov gələcək üçün təminat da əldə edib. Belə ki, sənətkarlıq məhsullarının satışından əldə edilən gəlirlər vergidən azad olsa da sosial sığorta ödənişləri həyata keçirilir. Bu da oyma ustasının gələcəkdə normal məbləğdə pensiya alması üçün təminat yaradır. Aylıq hesabatları isə ABAD özü hazırlayıb təqdim edir. 

Fed.az