Şirkət strategiyalarının gələcəyindəki 3 prinsib

Bir müddət öncə öndə gələn menecer məsləhətçilik şirkətlərindən A.T.Kearneyin menecer ortağı və idarə heyətinin sədri Johan Aurik yeni işıq üzü görən “The Future of Strategy” haqqında söz açdı və faydalı strategiyalar haqqında sualları cavablandırdı.

  • Strategiyanı və strategiyanın zaman içərisindəki təkamülünü, strategiyaya baxışın dəyişilməsini necə dəyərləndirə bilərsiniz ?

Burada 3 məqamdan bəhs edə bilərik: strategiyanın tarixi, strategiyanın problemi, yəni nəyə görə artıq işləmədiyi və gələcək ilə əlaqədar strategiyanın necə dəyişməsi və inkişaf etdirilməsinə baxmalıyıq.

Tarixi olaraq strategiya 1900-cü illərin başlanğıcında  elmi meyarlara əsaslanaraq tətbiq edilməyə başlamışdır. 1960-1995-ci illər strategiyanın “intibah çağları” idi. Strategiya quranlar ofislərə gəlir və gələcək 3-5 illik strategiyaları müəyyənləşdirirdi. Planlar qurulur və tətbiq edilmək üçün idarə heyətinə göndərilirdi. Strategiya hədəflərinizi gerçəkləşdirmək üçün bir yol göstərici rolu oynayırdı.

Zamanla artıq 1980 və 1990-cı illərdə tətbiq edilən strategiyalar problemli olmağa başladı. Ən əsası ona görə ki, dünya çox sürətlə dəyişirdi. 3-5 illik strategiyanı belə bir məqamda necə qura bilərdiniz ? Geosiyasi mühit, internet, qloballaşma, maliyyə krizisləri, hər şey çox sürətlə dəyişir. Şirkətlər getdikcə uzun müddətli planlardan imtina etməyə başladılar. İnternetin inkişafı həm bir çox problemlər, həm də fürsətlər yaratdı. Menecerlər artıq həll edilməsi lazım olan çox sayda qeyri-müəyyənlik və çox sayda seçimlə qarşı-qarşıyadırlar.

İkinci problem isə, bir çox strategiya qəbul olunduqdan sonra, tətbiq edilməsi üçün idarə heyətinə göndərilir. Lakin bu strategiyalar tətbiq edilmək istənildiyi zaman işləmir. Kağız üzərində hər şey əla görünür, lakin reallıqda nəticə vermir. Keçən il dünyadaki 2000 menecerlə bir araşdırma apardıq və strategiyanı necə dəyərləndirdiklərini soruşduq. Nəticədə strategiyaların sadəcə 50 %-in reallaşdığı müəyyən olundu. Menecerlərin 62 %-i , təxminən üçdə ikisi strategiya qurmağın 10 il əvvələ görə daha çətin olduğunu qeyd etdi. Menecerlərin 74 %-i strategiya qurmağa həddindən artıq çox vaxt sərf edir. Təsir gücü az, tətbiq edilməsi çətin olan strategiyaların üzərində çox zaman xərclənir. Bir çox adam artıq strategiyadan məmnun qalmır.

Digər sözlə, bir çox şirkət Almancada “ersatz” deyilen, yəni ən pis olanla idarə etmək məcburiyyətində qalır. Bu şirkətlər belə düşünür ki, əgər yaxşı bir liderim varsa, strategiyaya da ehtiyacım yoxdu. Bir çox ölkədə bunun nümunələrini görə bilərik. Əgər çevik və sürətli şəkildə planlarınızı qurursunuzsa və bu yolla əlavə xərcləriniz artmırsa strategiyaya ehtiyacınız yoxdur. Düzdür, bu hallara çox rast gəlinsə də, bəzən strategiyadan tamamilə imtina etmək də olmur. Çünki strategiyadan imtina etmək, gələcəkdən imtina etmək deməkdir.

Hər zaman haraya getmək istədiyinizi düşünməyiniz, xəyal etməyiniz lazımdır. Kitabımızda olan əsas düşüncə də budur, strategiyanın gələcəyi. Bir çox araşdırmalar etdik və dünyanın ən öndə gedən düşüncə sahibi insanları ilə görüşərək, strategiyanı necə istifadə etdiyimizi, nəyin işləyib, nəyin işləmədiyini müzakirə etdik. Nəticə olaraq 3 prinsip ortaya çıxdı.

Bunlardan birincisi ən sadə olsa da, ən çətin olanıdır. Bizlər keçmişi düşünür, etdiyimiz analizlərlə hədəfə çatmaq istəyirik. Bir çox insan bunu edir. Əslində isə bunu etməməliyik. Təbii ki, şirkətimizi hansı nöqtəyə doğru irəli aparmaq istəyiriksə, buna qərar verməliyik. Uzun müddətli gələcəyi düşünməli və 5-10 il sonrakı trendlərə nəzər salmalıyıq. Eyni zamanda bunlardan ən vacib olanlarını seçməli, analiz etməli və bizim üçün nə ifadə etdiyini başa düşməyə çalışmalıyıq. Lakin bunları daimi olaraq tətbiq etməliyik. Senarilər, gələcək ilə əlaqəli planlar və s. bununla əlaqəli istifadə etdiyimiz kəlimə nə olursa olsun, hər şeyi eyni prinsip təməlində qurmalıyıq: “İndikilər out, gələcək in”. Dünyanın sürətlə dəyişdiyi bir zamanda, strategiyamız da daim aktual olmalıdır.

İkincisi, strategiya planlanmasını kiçik qrupdan təşkil olunmuş, iyerarxik formada etməyin. Düzdür, liderliyə ehtiyacınız olacaqdır, amma çalışın ki, təşkilatı ümumilikdə planlama prosesinə daxil edəsiniz. Beləcə strategiya tətbiqini asanlaşdıracaq, eyni zamanda işçilərinizi də razı salacaqsınız.

Üçüncü prinsip isə strategiyanı ildə və ya bir neçə ildə bir dəfə sıralı olaraq deyil, portfel formasında qurmaqdır. Daimi olaraq aktuallaşdırdığınız bir strategiya portfeliniz olmalıdır. Çalışın, strategiyanın üzərində daimi işləyin və aktual saxlayın.

Bu 3 prinsipin təməlində bir metod ortaya çıxartdıq və illərdir ki, şirkətlərdə bunu tətbiq edirik.

  • Şirkətlər strategiyanı nəyə görə tətbiq edə bilmir? Bu iş nəyə görə bu qədər çətindir ?

Strategiya tipik olaraq kiçik bir qrup tərəfindən reallaşdırılır. Strategiya şöbəsi idarə heyəti ilə birgə çalışaraq planları qurur və bunlar kağız üzərində çox yaxşı və doğru görsənir. Strategiyanın uyğunluğu müəyyən edildikdən sonra idarə heyəti bunu tətbiq etməyə çalışır. Lakin strategiyanı ortaya çıxardanlar idarə heyəti deyil. Elə problem də burda yaranır. Heç kim strategiyaya sahib çıxmır. İşin ən vacib məqamı işçiləri də strategiyaya sahib çıxmağa razı salmaqdır.

  • Bəs fərqli mədəniyyətlər strategiyanın tətbiq edilməsində necə bir rol oynayır ? Ölkələrin mədəniyyətləri tətbiq edilmədə problemlər yaradırmı ?

Bəli, bəzi ölkələr daha iyerarxikdir. Skandinav ölkələri kimi ölkələrdə isə qərarlar dəyirmə masa arxasında alınır. Amma strategiya tətbiqini kökündən dəyişdirmir. Güclü bir liderliyə ehtiyac vardır və bu, strategiyanın hazırlanmasında bir çox insanın təcrid olunması mənası daşımamalıdır. Əgər iyerarxik bir vəzifədəsinizsə, əlinizdən gələni edib şirkətə bu məsələdə fayda verməlisiniz.

  • Düzdür, amma iyerarxik mədəniyyətin olduğu ölkələrdə işçilər idarə heyətinə qarşı çıxmaqdan çəkinə bilər və ya gerçək düşüncələrini gizlədə bilərlər ?

Bu məsələdə insanların daxili aləmi çox önəmlidir. İnternet bu mövzuda çox gözəl vasitədir və şirkətin böyük bir qismini bu vasitə ilə planlama işlərinə daxil edə bilərsiniz.  Bu məsələdə bir çox texnika mövcuddur və vacib olan odur ki, insanların yeni fikirlər ortaya çıxartmağını dəstəkləmək lazımdır.

  • Bu metod tətbiq edildi və nəticələr necə oldu ?

Bu metod bir çox şirkət və sektorda istifadə edildi. Strategiyanın tətbiq edilməsi çox asan və sürətli oldu.  Çünki burada çalışanlar da prosesə daxil olur. Eyni zamanda, bu yanaşma mövcud vəziyyətə və gələcək trendlərə daha bağlıdır.

  • Nokia, Kodak, musiqi sektoru kimi stratejik olaraq uğursuz nümunələrə nəzər salsaq bunun qarşısı alına bilərdimi ?

Tekekom şirkətləri internet protokollarının, musiqi sektoru onlayn gəldiyini görə bilmədi. Çünki sadəcə mövcud vəziyyəti nəzərə aldılar. İdarəçilik ofisi ilə kifayətləndikləri üçün qarşıda onların nəyi gözlədiyini təxmin edə bilmədilər.

  • Uğurlu strategiya tətbiq edənlər nələri fərqli edir ?

Şirkətlər yenilikləri görməli və nəzərə çarpacaq dərəcədə dəyişikliklər edə bilməlidirlər. Nokia əslində uğursuz bir nümunə olaraq göstərilir, amma əslində uğursuz olduğunu deyə bilmərik.  Nokia tamamilə bir sistem şirkəti idi, ardınca telefon şirkəti oldu. İndi isə yeni bir şirkət olmaq yolunda irəliləyir. Pis bir nümunə olaraq göstərilsə də, irəliyə baxaraq özünü tamamilə dəyişdirə bilər.

  • Digər metodlardakı ən təməl problem nədir və bunu necə tamamlamaq olar ?

Heç bir metodda saydığımız 3 prinsipin hamısı birlikdə deyil.

  • Azərbaycan şirkətlərinin strategiyaya baxışını necə dəyərləndirmək olar ?

Mənfi cəhət odur ki, şirkətlər qısa müddətli strategiyalara yönəlirlər və bu şirkətlərdə bürokratik problem olan iyerarxiya hakimdir.

  • Təklif olunan strategiya yanaşması hazırki rəqabətcil şirkətlər və texnologiya qarşısında kömək edə bilərmi ?

Rəqabətdən tamamilə qorunmağın bir düsturu yoxdur. Amma mübarizə aparmaq üçün gələcəyə baxmalısınız. Təklifimiz odur ki, üçüncü prinsipdə dediyimiz kimi tək bir strategiya yerinə, daimi olaraq yenilənən strategiya portfeli olmalıdır.

  • Strategiya portfelində nəzərdə tutulan tam olaraq nədir ?

Strategiya bir neçə ildə qurulmamalıdır. Strategiyada daimilik olmalıdır. Portfeliniz bir -birinden fərqli 10-15 strategiyadan ibarət ola bilər. Bəziləri tez, bəziləri gec yaradıla bilər. Amma  müntəzəm aralıqlarla nizama salınmalıdır.

  • Bir neçə cümlə ilə bütün bunları necə ifadə etmək olar ?

Gələcəyi diqqət mərkəzində saxlamaq üçün portfel təməlli bir strategiya yanaşmasını mənimsəyin və tətbiq zamanı yaranacaq problemlərin həlli üçün şirkət heyətinizi prosesə daxil edin.