"Tenderdə iştirakımıza qanunsuz maneçiliklər olub"

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciət məktubunda ölkəmizdə sahibkarlara bəzən bir sıra dövlət qurumlarının təmsilçilərinin bürokratik əngəllər yaratdığı qeyd edilib.

İsmayıl Ələkbərov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan tenderdə iştiraklarına qanunsuz olaraq maneçiliklər olub. İT şirkət rəhbəri prezidentə ünvanladığı məktubunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Kompüter proqramlarının alınması və yazılması” ilə bağlı keçirilən tenderdə mövcud qanunvericiliyinin ciddi şəkildə pozulması ilə rastlaşdıqlarını bildirib.

Onun sözlərinə görə, sözügedən tender mayın 3 -də rəsmən elan olunub.

İsmayıl Ələkbərov deyib ki, tenderin şərtlərinə əsasən, ilkin müraciət təqdim edildikdən sonra tender üzrə əsas şərtlər toplusu Tender Komissiyası tərəfindən iddiaçı şirkətə təqdim edilməli,  iyunun 3-nə qədər  isə  iddiaçı şirkətin texniki və kommersiya təklifləri bank zəmanəti ilə birlikdə satınalan quruma (Mədəniyyət və Turizm Nazirliyi) təqdim edilməlidir:

“Mədəniyyət və Turizm Nazirliyinin texniki təchizat və proqram təminatı şöbəsinin müdiri Kamal Kazımov bu tenderdə iştirak üçün yuxarıda qeyd edilən sənədləri hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim etməyimizə dəfələrlə cəhd göstərməyimizə baxmayaraq, tenderin əsas şərtlər toplusunu bizə təqdim etməkdən imtina etmiş və bununla da mövcud qanunvericiliyin tələblərini ciddi şəkildə pozub”.

O, yuxarıda iddia edilən qanun pozuntularının və korrupsiya hallarının araşdırılması və Neuron Technologies MMC-nin hüquqlarının təmin edilməsi üçün şəxsən prezidentə müraciət etmək məcburiyyətində qaldığını deyib.

Şirkət rəhbəri müraciət məktubu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin də Daxili İşlər Naziri cənab Ramil Usubova, Baş Prokuroru cənab Zakir Qaralova, İqtisadiyyat Naziri Şahin Mustafayevə, Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Sədri Eldar Nuriyevə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevə göndərib.

Mənbə: Xeberler.az